Tbilisidə iftar məclisi təşkil edilib
Tbilisidə iftar məclisi təşkil edilib
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə martın 29-da Tbilisidə iftar məclisi təşkil edilib.
Tədbir müqəddəs “Qurani-Kərim” ayələrinin və iftar duasının oxunması ilə açılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ramazan ayının ehtiva etdiyi nəcib mənalarından danışıb, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu deyib: “İftar məclisində də müsəlman və xristian dinini təmsil edən simaların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsidir”.
Azərbaycanın Gürcüstanla münasibətlərin inkişafına həmişə önəm verdiyini vurğulayan səfir deyib ki, dövlət və hökumət başçılarının səyi nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
F.Quliyev ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, yubiley çərçivəsində dini mövzuda beynəlxalq konfransın təşkili də bu baxımdan mühüm əhəmiyyət kəsb edib. O, hər iki ölkənin dini qurumları arasında əlaqələrdən söz açıb, bu baxımdan imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.
Ölkələrimiz arasında möhkəm əlaqələrin təmin və inkişaf etdirilməsində Gürcüstanda yaşayan soydaşlarımızın müstəsna rolu, onların həmişə bu ölkənin sədaqətli vətəndaşları olmaqla, Azərbaycan ilə də mənəvi əlaqələrin inkişaf etdirməsində göstərdiyi əzm və qətiyyət məmnuniyyətlə qeyd edilib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışında təmsil etdiyi qurum və şəxsən öz adından ölkənin müsəlman icmasını Ramazan bayramı münasibətilə təbrik edib. O, başçılıq etdiyi Agentliyin həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə həmişə dinlərarası harmoniyanın təşviq edilməsinə çalışdığını söyləyib.
Agentlik sədri deyib ki, Azərbaycan tərəfi ilə birgə keçirilən tədbirlər Avropa dövlətlərinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, bizim ölkələrimiz arasındakı əməkdaşlıq təkcə bizim xalqlarımızın deyil, regionun stabilliyi və inkişafında mühüm əhəmiyyət kəsb edir.
AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov çıxışında Ramazan dəyərlərinin müasir dünyanın şəraitinə uyğun olaraq birgə təbliğ edilməsinin və bu sahədə bölgəmizdə olan təcrübənin dünya miqyasında örnək ola biləcəyini qeyd edib.
Tbilisi Ruhanı Akademiyası və Seminariyasının rektoru protopresviter Giorgi Zvidadze Gürcüstan Patriarxlığı adından Ramazan bayramı münasibətilə ən xoş təbrikləri çatdırıb, gürcü xalqı və Gürcüstan Pravoslav Kilsəsinin də həmişə səmavi dinlərin təbliğ etdiyi dəyərlərin keşiyində durduğunu söyləyib və bu sahədə qonşu Azərbaycanın dini rəhbərliyi ilə nümunəvi əməkdaşlığın qurulduğunu vurğulayıb.
Sonra Marneuli şəhərinin meri Kənan Ömərov, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Faiq Nəbiyev, GMİ-nin Qərbi Gürcüstan müftisi Adam Şantadze, Şərqi Gürcüstan müftisi hacı Etibar Eminov və başqaları çıxış edib, Ramazan bayramının xeyirxah mənalarından danışıblar. /AZƏRTAC/
Www.soydas.az