Cümhuriyyət dövrünün Şuşasında çəkilmiş nadir fotoşəkil – Dilqəm Əhmədlə müsahibə

image

Soydas.az araşdırmaçı-jurnalist Dilqəm Əhmədin teleqraf.com-a verdiyi müsahibəni təqdim edir

- Dilqəm bəy, sizcə, Cümhuriyyət dövrü hansı aspektdə az araşdırılıb və siz məhz həmin sahənin araşdırılmasını istəyərdiniz?

- Artıq əminliklə demək olar ki, Cümhuriyyətlə bağlı romantik dövr arxada qalıb, olduqca ciddi əsərlər ərsəyə gətirilib. Əgər 90-cı illərdə qaynaqlara çatmaq çətin idisə, indi nəinki Azərbaycan arxivlərində, eləcə də Böyük Britaniya, ABŞ, İran, Gürcüstan, Türkiyə, Rusiya arxivlərindən cümhuriyyətimizlə bağlı sənədlər geniş şəkildə üzə çıxarılıb, mənbə kitablar hazırlanıb. Spesifik mövzular ətrafında tədqiqatlar aparılıb.

Bu işdə ölkə xaricində yaşayan alimlərimizin də rolunu qeyd etmək lazımdır. Məsələn, bir neçə ildir ki, ADA Universiteti 1918-1920-ci illərdə əski əlifbada işıq üzü görmüş “Azərbaycan” qəzetini latın qrafikası ilə hazırlatmaqdadır. Mehdi Gəncəli ilə Azad Ağaoğlunun transliterasiya etdiyi bu qəzet artıq 10 cild şəklində çıxıb, daha 10 cild də nəşr olunacaq. Eləcə də Qiyas Şükürovla Vasif Qafarovun hazırladıqları qaynaq xarakterli iki kitab son illərin ən gözəl əsərləri sayılmalıdır.

Azərbaycan Cümhuriyyəti haqqında Osmanlı arxiv sənədləri və Osmanlı mətbuatındakı məqalələr olduqca əhəmiyyətlidir. Bu kitablar sayəsində xeyli yeni bilgilər üzə çıxıb. Yaxud əvvəllər Cümhuriyyətin xaricə tələbə göndərməsindən ümumi şəkildə danışılırdısa, Ədalət Tahirzadə ilə Oğuztoğrul Tahirlinin min səhifədən çox həcmi olan kitabı artıq bu mövzuya qoyulmuş son nöqtə idi. Bu kitab vasitəsilə bütün prosesin necə baş verdiyini detallı öyrəndik, həmçinin 102 tələbənin bioqrafiyasına da vaqif olduq.

Şübhəsiz ki, xeyli adlar, kitablar çəkmək olar ki, bunların hamısı sevindiricidir. Amma gördüyüm əskik tərəf də var. Bu da bizdə bioqrafiyaların az yazılması ilə bağlıdır. Məsələn, Cümhuriyyətin iki Baş naziri olub, haqlarında gözəl məqalələr yazılıb, amma geniş bir bioqrafiya kitabı yoxdur. Ümumiyyətlə, bizdə bu ənənənin formalaşmasını arzu edirəm.

Yeri gəlmişkən, Türkiyə Diplomatik Arxivində Azərbaycan Cümhuriyyəti mövzulu ayrı fond açılıb. Maraqlıdır ki, bu fondda cümhuriyyətimizin orijinal sənədləri yer alıb. Minə yaxın sənəddir. Ehtimal edilir ki, işğaldan sonra hökumətdə çalışan bir şəxs bu sənədləri özü ilə birgə Türkiyəyə aparıb. Mən o sənədləri ümumi gözdən keçirdim, Qarabağ hərbi valiliyinin də sənədləri vardı.

- Cümhuriyyət xadimləri ilə yanaşı o dövrdə Azərbaycanda olmuş Osmanlı zabitləri, müəllimlərinin də xatirələrinə işıq tutursunuz. Kolleksioner kimi bu il yeni nələrsə əldə etmisiniz?

- Bildiyiniz kimi mən təhsilimlə bağlı İstanbulda yaşayıram. Hər Bakıya dönüşümdə əlidolu qayıdıram. Çünki İstanbul həm fiziki olaraq dərya kənarında yerləşir, həm də şahid olduğu tarix baxımından da bir dəryadır. Burada istədiyin bir bukinistə getsən, mütləq Azərbaycanla bağlı nadir nəsə çıxacaq. Bu il də ənənəmə sadiq qalaraq mühacir ailələrlə görüşmüşəm. Məsələn, ən son Cümhuriyyət zabitlərindən Firudin Daryalın ailəsini ziyarət etdim.

İstanbulda yaşayan həmkarım Günay xanımın sayəsində Firudin bəyin oğlunun həyat yoldaşı Yıldız xanımla tanış oldum. O, məni ailə arxivi ilə tanış etdi, qiymətli materialların surətini çıxartmağıma icazə verdi. Xoşbəxtlikdən Türkiyənin istiqlal savaşında iştirak etmiş bu dəyərli zabitimizə aid bir neçə orijinal fotoşəkli də auksionlardan əldə etdim. Onlardan ikisini bayram günü münasibətilə oxuculara təqdim edirəm.

Nə xoşbəxtik ki, Firidun bəyin ata yurdu Laçın şəhəri də artıq işğaldan azad edilib. İnşallah, Laçına ithaf olaraq Daryal haqqında bir kitabça hazırlayacağam. Ötən il müstəqil Azərbaycanın Türkiyəyə təhsilə göndərdiyi ilk azərbaycanlı tələbələrdən olan dəyərli Zülfiyyə Günəş xanımın sayəsində İkinci Dünya müharibəsindən sonra Türkiyəyə köçən Zöhrab Kəsəmənlinin qızı ilə görüşmək fürsətim yarandı. Olduqca kübar bir xanım olan Rəna xanım bizə atasının arxivinin surətini bəxş etdi ki, çox-çox qiymətli fotoşəkillər, sənədlər var idi. Onları elmi işimdə də istifadə edcəyəm. Eləcə də Ankarada Azərbaycan Milli Mərkəzinin sədri olmuş Məhəmməd Kəngərlinin qızı ilə görüşdüm, xeyli dəyərli bilgilər öyrəndim.

Mütəmadi belə şanslarım olur, hamısının da qeydlərini saxlayıram. Əslən Qazaxdan olan professor İbrahim Yıldırımla hər görüşdən bir məqalə mövzusu yaranır. Həmçinin irəvanlı rəssam, siyasi xadim Əkbər Kazım Muğanın nəvəsi Suna Muğan xanımla da yeni tanış olmuşam. İstanbul Universitetinin müəllimi olan bu dəyərli xanım ailə arxivlərinə böyük dəyər verir və onları bizimlə də bölüşəcək.

Yeri gəlmişkən, Laçından danışdıq, amma bizim incimiz Şuşaya dair da çox qiymətli bir material əldə etmişəm. Deməli, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsi dövründə bölgələrdə səyyar xəstəxanalar tikilmişdi. Çünki müharibədə yaralanan, xəstələnən və digər ehtiyacı olan insanlar olur. Ona görə də həkim briqadası da çalışırdı. Mudros müqaviləsi maddələrinin hökmünə görə ordu Qafqazı tərk etdikdən sonra bu xəstəxanalar Azərbaycan Ordusunun tərkibinə keçdi. Ötən il auksiondan bu səyyar xəstəxanalardan birində əməliyyat prosesinin təsvir edildiyi bir fotoşəkil satın aldım.

Ankarada yaşayan Qiyas Şükürov xocamızın sayəsində şəklin həm arxasında, həm də üz səhifəsində olan yazıları tam şəkildə aydınlaşdıra bildik. Şəklin arxasında yazılmışdı: Qarabağ. Şuşaqala qəzası. Azərbaycan Birinci Firqə Səyyar Xəstəxanası xatiratından. 19 təşrini-sani (yəni noyabr) 1334 (yəni 1918). Sərtəbib (yəni baş həkim) İsmayıl İbrahim, doktor Fərhad, həmşirə Esfir Akimovski Umanskaya. Şəklin ön qismində yenə həkimlərin adı yazılıb, orada baş həkim İsmayıl bəyin minbaşı, doktor Fərhad bəyin yüzbaşı rütbəsində olduğunu görürük. Yaralanan, əməliyyat olunan şəxsin də adı yazılıb. O, yüzbaşı Məhəmməd bəy olub.

Gördüyünüz kimi xəstə də, həkimlər də Qafqaz İslam Ordusuna aiddir. 1918-ci ilin Şuşasında çəkilmiş bu foto Türkiyə və Azərbaycan tarixi üçün çox əhəmiyyətlidir. Bu fotoşəkli də ilk dəfə olaraq bayram münasibətilə oxucularımıza təqdim edirəm.

- Bu il Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Rəsulzadə barədə hansı ölkələrdə mənbələr çoxdur? Onları əldə etmək üçün nə kimi təklifləriniz var?

- Bu ilin yanvar ayında dəyərli tarixçimiz Solmaz Rüstəmova-Tohidinin sədri olduğu “Rəsulzadə Ev-muzeyi” İctimai Qrupunun təşkilatçılığı ilə Bakıda 4 gün ərzində çox möhtəşəm bir elmi konfrans oldu. Orada polyak, gürcü, alman, türk, rus, İran alimləri də iştirak etdilər. Mənə də məruzə ilə qatılmaq qismət oldu. Konfransın 800 səhifədən çox kitabı da işıq üzü gördü.

Ümumiyyətlə, bu ictimai qrup çox məhsuldar çalışır. İstanbul, Ankara, İsveçdə də “Rəsulzadə 140” tədbirləri keçirildi. İlin sonunda Polşada da baş tutacaq. Bu baxımdan Solmaz xanıma və komandasına təşəkkür edirəm. Solmaz xanım həm də Rəsulzadəyə qarşı olan iftiralara da peşəkar cavab verən, onları susduran bir alimimizdir. Şübhəsiz ki, yubileylərdə daha çox aktivlik göstərilir, bu, çox təbiidir.

Mən keçirilən tədbirləri, nəşr olunan əsərləri yaxından izləyirəm. Elə bu ay Dilçilik İnstitutu ilə Avrasiya Universitetinin təşkilatçılığı ilə respublika elmi simpoziumu keçirildi. Mən də məruzə göndərmişdim. Nəsiman Yaqublu ənənəsinə sadiq qalaraq artıq iki kitab nəşr edib.

Sualınıza gəldikdə isə Rəsulzadənin mühacirət həyatı ilə bağlı elə Türkiyə arxivlərinin özündə xeyli yeni mənbələr açıqlanıb. 2021-2023-cü illərdə türk arxivlərində minlərlə sənədin üzərindəki gizlilik qrifi qaldırılıb. Mənim son məqalələrimdən biri də bu yeni arxiv sənədləri ətrafında idi. Hətta biz artıq bilirik ki, Rəsulzadə İkinci Dünya müharibəsində almanlara hansı memorandumu təklif edib. Çünki bu barədə ruslar, ermənilər mütəmadi qalmaqal yaratmağa çalışırlar. Bu yeni sənədlərdə Rəsulzadənin Türkiyə dövləti ilə olan münasibətlərinə dair də təzə məlumatlar öyrəndik.

Mühacirətdə ikən türk hökumətinin ona maddi dəstək göstərdiyini də bildik. Rəsulzadənin yaşadığı Polşa və Almaniyada da çoxlu sənədlər var ki, bu barədə Nəsiman Yaqublunun, Şəhla Kazımovanın əsərləri mövcuddur. Rəsulzadə ilə bağlı bəzi arxivlər isə onun silahdaşlarının varislərindədir, ümid edirik ki, onlar bu nadir materialları tədqiqatçılarla bölüşəcəklər.

- Hər müsahibənizdə, sərgilərinizdə topladığınız bu materiallar əsasında muzey açmaq istədiyinizi deyirsiniz. Bu məsələdə irəliləyiş varmı?

- Bu, mənim inşallah, əbədi arzum olmaz... Bilirsiniz, bəzilərinə qəribə gələ bilər ki, dövlətimizin sanballa muzeyləri var, materiallar oraya verilə bilər. Bununla bağlı mütəmadi təkliflər də alıram. Amma mən daha funksional bir muzey-mərkəz arzusundayam. Mərkəzin muzey, kitabxana qisimləri ilə yanaşı mühazirələrin oxunduğu, tədbirlərin keçirildiyi, tələbələrin, gənclərin toplandığı bir yeri də olacaq. Dövlət qurumları daha rəsmidir. Biz isə praktik bir qurum arzusundayıq. Həm də gənclər görsün ki, bir insan əzm göstərərsə, bu qədər material bir araya toplana bilər.

Təvazökarlıqdan uzaq olsa da, mühacirət tariximizlə bağlı bir muzey-mərkəz yaradacaq arxivə sahibəm. Digər bir muzey layihəm Ağaoğlu ailəsi ilə bağlıdır. Əhməd bəy və ailəsinə aid ayrıca zəngin arxivim var. Mən bir neçə il öncə rəsmi də müraciət etmişəm.

Şuşada Ağaoğlu muzeyi yaradılıb mənə həvalə edilərsə, məmnuniyyətlə quruculuqda iştirak edərəm. Çünki arzum Qarabağda yaşamaqdır. Oradakı universitetdə və seminariyada da dərs keçmək istəyərəm. Ümid edirəm ki, dövlətimizin dəstəyi ilə bu arzularıma çataram.

- Oxucularınıza nə müjdəniz var? Yeni kitablarınız gözlənilirmi?

- Bir neçə gün sonra mənim “Mühacirlər Güney Azərbaycanda. 1921-1941-ci illər” adlı kitabım işıq üzü görəcək. Tarixşünaslığımızda ən az nəzər yetirilən mövzudur, çünki İran arxivlərində çalışmaq lazımdır. Mənim kitabım bu mövzuya giriş xarakterlidir, xatirələr, mühacirət mətbuatındakı bilgilər əsasında hazırlanıb. İnşallah, dəyərli alimlərimizdən kimsə İran arxivlərində çalışar və bu mövzunu detallı təqdim edər.

 


Müəllif: Əsəd Məmmədəliyev

Www.soydas.az

Paylaş:

Xəbər lenti