Rustavidə Şuşa şəhərinə həsr olunmuş tədbir keçirilib
Rustavidə Şuşa şəhərinə həsr olunmuş tədbir keçirilib
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Şuşa şəhərinə həsr olunmuş tədbir keçirilib.
Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzin rəhbəri Raida Dərziyeva çıxış edərək Şuşa şəhərinin tarixi, mədəni və strateji əhəmiyyəti haqqında məlumat verib. Bildirilib ki, Şuşa sevgisi hər bir azərbaycanlının milli-mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olunub.
Şair-publisist Rafiq Hümbət çıxışında Şuşanın Azərbaycan musiqisi və mədəniyyətinin beşiyi olduğunu, bütövlükdə Cənubi Qafqazın mədəni inkişafına da töhfə verdiyini vurğulayıb. Bildirib ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Şuşa şəhərində aparılan bərpa və quruculuq işləri haqqında məlumat verərək bu qədim şəhərin yenidən canlandığını və xalqımıza qürur bəxş etdiyini bildirib.
Çıxışlarda 2024-cü ilin Rustavi 18 nömrəli məktəbin müəllimi Savalan Osmanlı Şuşanın mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında fikirlərini bölüşüb, şəhərin mədəniyyətimizin və qəhrəmanlıq tariximizin təcəssümü olduğunu xüsusi qeyd edib.
Mövzu ətrafında geniş müzakirələr aparan iştirakçılar, bu qəbildən olan məlumatlandırıcı görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Www.soydas.az