Salyanda tanınmış şair Oqtay Rzanın 90 illik yubileyi qeyd olunub

image

Bu gün tanınmış şair, tərcüməçi, alim, əməkdar müəllim Oqtay Rzanın 90 illik yubileyidir. Bu münasibətlə şairin doğulduğu Salyan rayonunda anım tədbiri keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin və Salyan rayon mərkəzi kitabxanasının birgə təşkil etdiyi möhtəşəm tədbir Salyan rayon İcra Hakimiyyəti və Salyan rayon Yeni Azərbaycan Partiyası tərəfindən də dəstəklənib.

Tədbir iştirakçıları öncə şairin Salyan rayon qəbirsanlığındakı məzarını ziyarət edib, xatirəsini böyük hörmətlə yad ediblər.

Mərkəzi kitabxanada baş tutan tədbiri giriş sözü ilə açan AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimli qeyd etdi ki, Salyan rayonu möminlər yurdu kimi tanınmaqla yanaşı, həm də öz şairləri, mütəfəkkirləri ilə Azərbaycanın ədəbi və fəlsəfi düşüncə tarixində xüsusi yer tuturlar:

“Bu gün Türkçülüyün fikir babası deyəndə hamımız Əli bəy Hüseynzadəni xatırlayırıq. Xəlil Rza Ulutürk, Əliağa Kürçaylı, Oqtay Rza kimi şairlərimizlə fəxr və qürur hissi keçiririk. Bu imzaların hər biri bizim üçün qiymətlidir, dəyərlidir. Çünki bu şəxsiyyətlər bizim milli dəyərlərimizdir, onların əsas qoruyucularıdır. Bütün salyanlılar bu şəxsiyyətlərlə qürur duyurlar”.

Tədbirdə Kərimbəyli kənd tam orta məktəbinin azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Zeynalov, Salyan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, soydas.az saytının baş redaktoru İlqar İlkin, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva, şair Zabil Pərviz, Firdovsi Sarvanlı, Əzizağa Məmmədli və təqaüddə olan mədəniyyət işçisi Lətif Zərbəliyev çıxış edərək, şairlə bağlı xatirələrini danışıb, onun yaradıcılığına münasibət bildiriblər.

Natiqlər qeyd edib ki, şairin əsas qayəsi Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Tədbir mədəniyyət işçilərinin şeir və mahnıları ilə davam edib.

Sonda şair Oqtay Rzanın bacısı Səfurə Rzayeva ailə üzvləri adından çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib, bu tədbiri həm də Azərbaycan poeziyasına verilən qiymət kimi dəyərləndirib.

Www.soydas.az

Paylaş:

Xəbər lenti