Zəlimxan Yaqubun məzarı ziyarət olundu

image

Yanvarın 21-də Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasından 75 il ötdü.

Soydas.az xəbər verir ki, bu münasibətlə “KƏPƏNƏKÇİ” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti üzvləri və ziyalılar şairin Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Tədbirdə iştirak edən Cəmiyyətin sədri Azər Göyüşlü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidi, tanınmış jurnalist İsmayıl Ömərov, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstititunun direktoru Misir Mərdanov, tanınmış iş adamı Alim Ömərov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, görkəmli dövlət xadimi Həsən Həsənov, Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı, jurnalist Musa Nəbioğlu, tanınmış vəkil Polad Mehdi və ziyalılar ölməz şairin xatirəsini dərin hörmətlə yad edib, onunla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, Azərbaycanın xalq şairi Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Zəlimxan Yaqub Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

1983-cü ildən AYB-nin üzvüdür.

2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hizmət” mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.

 

Www.soydas.az

Paylaş:

Xəbər lenti