İnsanlar cinayət törədəndə cəzalandırılır, bəs dövlətlər necə?..
İnsanlar cinayət törədəndə cəzalandırılır, bəs dövlətlər necə?..
Dünyada bilmədiyimiz keçmişdən başqa yeni heç nə yoxdur. Bu gün ətrafımızda baş verən proseslərdə də elə bu deyimin təsdiqini görürük.
Tarix kitablarında oxuduqlarımızı bu gün real şəkildə izləyirik, hətta yaşayırıq. Bu günkü dünya dünənki və ya keçmiş dünya ilə necə fərqlənir? Qlobal mənada demək olar ki, heç nə ilə. Fiziki, vizual mənada dünyanın mənzərəsi dəyişə bilər, amma məzmunda heç nə dəyişməyib.
Qədim dövr və ya orta əsrlərdə yaşayan insanları müəyyən mənada xoşbəxt hesab edə bilərik. Ən azından dünyanın başqa yerində baş verən hadisələrdən ya xəbər tutmurdular, ya da çox gec xəbər tuturdular.
Bəli, bu günün insanı yüksək komforta sahibdir, bununla belə həm də özünü bəlaya salıb. Anında dünyanın bir ucundan başqa ucuna yayılan informasiya çirkabının içində yaşayırıq.
Bilmirəm, bəlkə də bu keçmişin nostalgiyasıdır, axı insan keçmişlə yaşamağı xoşlayır, daima keçmişə qayıdır, “əvvəllər belə deyildi” düşüncəsinə qapılır.
Bəzən adama elə gəlir ki, bütün yazılanlar, deyilənlər uydurmadır. Hansısa ssenaristin təxəyyül məhsuludur, sadəcə filmdir. Amma elə deyil, ən azından bu günün tarixində baş verənlər gerçəkdi, realdı.
Dünyanın bir tək problemi var, o da problemli insanlardı.
Hər şey bunun fonunda baş verir. Bu günkü dünya insanların əsəridir. Özümüzü biləndən haqqın, xeyrin qələbəsinə inanmağa çalışdıq, ədəbiyat, incəsənət və s. hamısında doğruya, haqqa çağırış var.
35 il çarizmə qarşı mübarizə aparmış İmam Şamil deyirdi ki, həqiqətə qılınc çəkən şəxs öz ölümünə bais olur. Onun özü də torpaqlarını qoruyurdu, azadlıq üçün mübarizə aparırdı, amma sonda şər qələbə çaldı və İmam Şamil də təslim oldu. Bəli, çar Rusiyası dağıldı, amma onun yerini də başqa şər yuvası tutdu.
İnsan üçün sadəcə müəyyən müddətlik ömrünü yaşamaq üçün təhlükəsiz yer, bir az qida, geyim, sadə ev lazım ikən, bu gün böyük bir istehlak dünyasındayıq və durmadan da bu artır.
Tərəqqi və tənəzzülün incə xəttində hələ ki bəşər öz varlığını davam etdirir. Görəsən, Habil və Qabildən bu yana davam edən insan qətli nə vaxtsa bitəcəkmi?
Müharibə, üsyan, inqilab, iğtişaş və s. müxtəlif adlar altında baş verən ölümlərə hansısa don geyindirilir. Bir şəxs hansısa cinayət törədəndə onu yenə insanların qəbul etdiyi qanunla, hüquqi yolla cəzalandırırlar, bəs özünə dövlət səviyyəsində, bütün qanunlar, insani dəyərlər ayaqlarına altına alınıb cinayət törədilirsə, bunun cəzasını kim verəcək?! Yoxsa elə hüquq da, qanun da gücdür?!
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Www.soydas.az