Sünbül-sünbül tarlada bir dən xəyal: “Siçanlar və adamlar”

image

Böyük depressiya illərində iki muzdurun ümidsiz hekayəsi…

İnsanın böyük bir xəyalı olması şərt deyil. Bəzən bütün istədiyi sünbül-sünbül tarladan bir dən, özününkü deyə biləcəyi kiçik bir yerdir. Con Steynbekin “Siçanlar və adamlar” əsərində Corc və Lenni də məhz bunu istəyir. Amma bəzən insanın ən kiçik arzusu belə yaşadığı dünyanın ona verə biləcəyindən böyük olur.

Yazıçı Con Steynbek uşaqlıq və gənclik illərini Salinas vadisindəki təsərrüfatlarda işləyərək keçirib. Buna görə də bölgə əsərlərində böyük bir yer tutur. Bu əsərdə də hadisələr Soledaddan(ispanca “yalnızlıq” deməkdir) bir az aralıda- Salinas çayının yaxınlığında cərəyan edir. Yazıçının başqa məşhur əsərləri olsa da, məncə, o, hər zaman bu kiçik şahəsər ilə anılmalıdır. Bu əsər Steynbekin peyğəmbərlik anıdır- Böllün “Bir təlxəyin düşüncələri” kimi.

Ehtiyac içində yaşamaqdan bezmiş, ümidsizlikdən təngə gəlmiş, iş üçün səfalət içində ordan ora sürüklənən insanlar… Ehtiyac istənilən toplumu eqoistləşdirir, yalnızlaşdırır. Yoxsulluq insanı tənhalaşdırır. Uzunmüddətli inflyasiya zamanlarında əxlaqlı qalmaq çətindir… Daim yan-yana qala bilən iki insan tapmaq çətinləşir. Belə dönəmlərdə həyatda qala bilmək üçün bir iş bacarmaq nə qədər vacibdirsə, heç bir iş bacarmayacaq durumda olmamaq da o qədər vacibdir.

Əsər adını Robert Bernsin- “To a mouse” şeirindən alır. Şeirdə evini itirən bir siçandan söhbət açılır. Yazıçı da öz qəhrəmanlarını bu siçana bənzədir.

Yazıçı belə dərin bir ümidsizlik içində iki baş qəhrəman- Lenni və Corcu yan-yana gətirir və onlara xəyal qurdurur. Corc təmkinli və ağıllı, Lenni isə əqli qüsurludur. Onların dostluğunun nə vaxt və hansı şəraitdə başladığını bilmirik. Uzun zamandır birgə səyahət etdiklərini, fərqli təsərrüfatlarda muzdlu işlədiklərini və Lenninin sonsuz bir güvənlə Corca bağlı olduğunu görürük. Tək xəyalları pul yığıb kiçik bir torpaq parçası almaq və hər işlərini özləri görməkdir. Bu Lenninin həyatdakı ən böyük xoşbəxtliyidir. Xəyalları var- çəkdikləri əziyyətdən, qazandıqları puldan, bəlkə də yaşadıqları həyatdan daha böyük bir xəyal…

Bəlkə də çəkdikləri bütün əziyyətlərə dözmələrini mümkün edən də elə gələcəkdə onları gözlədiyinə inandıqları bu kiçik cənnətdir. Kamü deyir ki, gələcəyə inanmayan üçün acı keçici bir şey deyil. Amma yüz birinci ildə cənnətə çatacağına inanan biri üçün yüz illik acı belə keçicidir…

Yalnızlıq…

Əsər boyunca Lenni əslində Corca yük kimi görünür. Hətta tez-tez Corc onun yaratdığı sıxıntılardan gileylənir. Bəs niyə onu yanında saxlayır? Həqiqətən, ona göz-qulaq olacağına dair verdiyi sözə görə, onu sevdiyi üçün, yoxsa tək qalmaqdan qorxduğu üçünmü?

İşləmək üçün son gəldikləri təsərrüfatda zənci mehtər Kruks ilə tanış olurlar. Qaradərili olduğu üçün digər işçilərdən ayrı yatan, onların yataqxanasına girməyə icazəsi olmayan Kruks, yalnızlığını bir az olsun azaltmaq üçün qaldığı otağı kitablar və daha bir çox fərqli əşyayla doldurub. Lakin bütün bunların bir yerə qədər işə yaradığını başa düşən mehtər, bir axşam Lenninin dəvətsiz ziyarəti üzərinə ona içini tökür…

İnsan ən qırılqan anını yalnızlıq qarşısında yaşayır. İnsan daim yanında birinin olmasını istəyir. Buna ehtiyac duyur. Yalnızlıq sadəcə fiziki bir izolyasiya deyil, ruhi bir çöküntüdür. Kruksun bu fikirləri müasir dünyada daha da artan yalnızlıq probleminə də ayna tutur. Müasir şəhərlər insan kütlələrini özündə saxlayan tənhalıq məkanına çevrilib. Yaşadığımız binada neçə mənzil var? Qonşulardan neçəsinin adını bilirik? Yolda, liftdə göz-gözə gəlməkdən belə çəkinən insanlar… Qaçhaqaç içində itib-batan, istiqamətini itirən insanlar… Ürək və “səmimi” emojiləri ilə dolu, amma içiboş söhbətlər… Minlərlə izləyici… Arzuları, düşüncələri alqoritmlərin formalaşdırdığı cəmiyyət… Emosional baxımdan bir-birindən qopmuş bir cəmiyyət…

Unutmaq…

Kitabda çox məşhur bir ifadə var:

Lenni çaya niyə düşdüyünü unudur, amma onu sudan çıxaranı xatırlayır…

“Çaya tullan” abzasını ilk oxuduğumda N.B.Ceylanın “İklimler” filmini xatırladım. İsa geri gəldiyində artıq tamamilə dəyişdiyini və Bahara onunla birgə İstanbula gəlməyi təklif edir. Bahar isə onu soyuqlara gətirən bütün səbəbləri gözardı edir. Səhər isə İsa İstanbula bileti olduğunu və Baharı işə ötürüb getməli olduğunu deyir. Bəzən belə də olur: dibi yaşadanın kim olduğunu unuduruq. Ürəyi ən təhlükəli bəraət olan “burda nə var ki?” ilə ovuduruq. Buna görə də çaya necə düşdüyümüzü unudub dəfələrlə düşməyə davam edirik. Bəzən insan üzməyi, çaydan çıxmağı öyrənir, amma bir daha o çaya düşməməyi yox.

Çarəsizlik…

Ağlını 3 yaşındakı bir uşaq qədər belə istifadə edə bilməyən Lenni, yumşaq şeyləri sığallamağı çox sevir, amma stres anında gücünü və iri əllərini idarə edə bilmədiyi üçün onlara zərər verir. Lui Araqon “Xoşbəxt sevgi yoxdur” şeirində- “Və qırar bağrına basarkən sevdiyi şeyi…”- deyir. Lenni də sevdiyi şeylərə məhz belə zərər verirdi- incitmək istədiyi üçün yox, necə sevməli olduğunu bilmədiyi üçün.

 

İnsan belədir: bəzən bir çoxumuz da sevgini Lenni kimi yaşayırıq- nəfəslik qoymayacaq qədər. Buna görə də sevdiklərimizi yavaş-yavaş öz sevgimizdə boğuruq.

Hər getdikləri yerdə bu problemlə qarşılaşan dostlar nə qədər çalışsalar da, olacaqdan qaça bilmirlər. Lenni Körlinin arvadının yumşaq saçlarına toxunarkən onu qorxudur. Qadın qışqırdıqda təşvişə düşərək onu susdurmağa çalışır və fərqində olmadan ölümünə səbəb olur.

Bundan sonra əvvəlcədən Corcla razılaşdıqları yerə gedib onu gözləyir. Lenni bir insanın ölümünə səbəb olmağın özlüyündə nə qədər dəhşətli bir əməl olduğunu belə tam dərk etmir. Ən böyük qorxusu bir insanı öldürməsi deyil, Corcun ona hirslənməsi və xəyalını qurduqları torpaqda dovşanlara baxmağa icazə verməməsidir.

Corc onu tapır və hirslənmədiyini deyir. Son dəfə birlikdə xəyalını qurduqları torpaqdan və dovşanlardan danışır. Lenni bütün diqqətini bu gözəl gələcəyə verərkən Corc silahını ona tuşlayıb tətiyi çəkir. Bəlkə də həmin anda qoca Kendinin sözlərini xatırlayır: “İtimi özüm vurmalıydım, Corc. Yad bir adamın itimi vurmasına icazə verməməliydim.” Lenni son anında qorxunu deyil, birlikdə qurduqları xəyalı hiss edir.

Bəzən sevgi ən ağır qərarın içində gizlənir…

Corc çox sevdiyi və daim qoruduğu dostunun zülm ilə öldürülməsinə mane olub onu mərhəmətləmi öldürdü, yoxsa özünü də onun güdazına getməyindənmi qorxdu? Bu hissəni ilk dəfə oxuyanda Abbas Kiarostaminin “Taste of cherry” filmini xatırlamışdım. Başqasının yaşadığı ağrını nə qədər anlaya bilərik? Bəzən kənardan baxan üçün bir insanın çarəsizlik içində verdiyi qərarı anlamaq mümkün olmur. Corcu bu qərara mərhəmət, qorxu, yoxsa artıq başqa çıxış yolunun qalmadığına inanması gətirdi?..

Press enter or click to view image in full size

Corcun soyadı Miltondur. Yazıçının ən çox sevdiyi şair olduğu deyilən John Miltonun soyadıdır. Ən məşhur əsəri olan “İtirilmiş cənnət” şeirində Adəm və Həvvanın cənnətdən qovulmasından söhbət açır. Onlar qadağan olunmuş meyvəni yeyiblər və artıq cənnətdə qala bilməcəyək qədər “günahkardırlar”. Tanrı onları günahkarların yanına- dünyaya göndərir. Cənnət bundan sonra onlar üçün sadəcə xəyal deyil, geri qayıda bilməyəcəkləri bir keçmişdir.

Corc və Lenninin xəyalını qurduqları kiçik torpaq da onların cənnətidir. Öz evləri, dovşanları, heç kimdən asılı olmadan yaşayacaqları kiçik bir həyat… Lenninin törətdiyi son hadisə ilə bu cənnəti də birdəfəlik itirirlər. Corc tətiyi çəkəndə yalnız Lennini öldürmür; illərdir birlikdə qurduqları gələcək xəyalını da öldürür. “İtirilmiş cənnət” də elə budur…

Aidiyyət…

Aid olma ehtiyacı insanın ən təməl sosial ehtiyacıdır. İnsan təkcə sosiallaşmaq, insanlar arasında olmaq deyil, insanlarla mənalı bağlar qurmaq və bir yerə aid olduğunu hiss etmək istəyir. Lenni və Corcun xəyalı böyük ferma və ya iqtisadi azadlıq deyildi. Əsərdə dəfələrlə hiss etdiyimiz kimi, bu insanların çoxunun gedəcək bir yeri, gözləyəni yoxdur. Əməklərinin qarşılığında aldıqları pulla şəhərə gedib bir neçə saat əylənməkdən başqa sabaha dair ciddi ümidləri də qalmayıb. Halbuki insanın yaşamağa davam etməsi üçün tutuna biləcəyi heç olmasa kiçik bir ümidə ehtiyacı var.

Musa Yaqub- “Ən böyük dərd budur ki, sünbül-sünbül tarladan bir dən sənin olmasın.”- deyirdi. Əslində onların hamısının istədiyi sünbül-sünbül tarladan kiçik bir dən idi: əzilmədən, təcrid edilmədən, alçaldılmadan, azad və xoşbəxt yaşaya biləcəkləri kiçik bir həyat. Sadəcə kiçik bir dən istəyirdilər: öz evləri, heç kimin onları qova bilməyəcəyi bir həyat. Birlikdə yaşaya biləcəkləri bir həyat… Ev axtarışının nəhayətləndiyi bir yer…

Bəzi xəyallar gələcəkdə sahib olmaq istədiyimiz şeylərdən deyil, bugün yoxluğunu hiss etdiklərimizdən xəbər verir.

Natiq Məmişov

Www.soydas.az

Paylaş:

Xəbər lenti