Dual təhsil sistemi nədən önəmlidir?

image

Orta təhsil sistemi 12 ilə qaldırılmalı, Ali təhsil sistemi isə 3 ilə endirilməlidir

Zaman keçdikcə biliyə yanaşmalar dəyişir, müasir dövrün tələblərinə uyğun olaraq bacarıq yönümlü bilik əsas götürülür. Ali təhsil müddəti əvvəlcə 5 il idi, sonra 4 ilə endirildi. İndi Avropanın bir çox yerində bu müddət 3 ildir.

Fikrimcə, Azərbaycan və Gürcüstan da bu sistemə keçməlidir. Ancaq təhsil sistemində Gürcüstanın hazırda Azərbaycandan bir addım öndə olduğu bir məqam var ki, o da 12 illik orta məktəb təhsil sisteminə qonşularımızın çoxdan keçmələridir.  Azərbaycanda isə hələ bu yöndə müəyyən fikirlər səsləndirilsə də, müzakirələr aparılsa da, hələki 11 illik təhsil sistemi davam etməkdədir.

2013-cü ildə qəbul edilən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və İqtisadi İnkişaf Təşkilatının məlumatlarına əsasən ölkəmizdə də mütləq şəkildə 12 illik təhsilə keçilməsini zərurəti yaranır.  12 illik təhsilə keçəndə ölkədə ilk növbədə ÜDM ən azı 5-6 faiz artır. Həmçinin, 12 illik təhsil sisteminə keçidlə dünya standartlarına da cavab vermis oluruq.

Təhsil sahəsində 15 illik təcrübəmdən çıxış etsəm, davamlı olaraq qarşılaşdığım problemlərdən biri də xaricə ali təhsil almağa gedən tələbələrimizin 11 illik təhsil aldıqları üçün orta məktəb sənədlərində yaranan problemlərlə bağlıdır. Məlumdur ki, Azərbaycanda ali təhsil müəssisələri 2005-ci ildən Boloniya sisteminə keçib. Boloniya sisteminin əsas tələblərindən biri də orta təhsilin 12 il olmasıdır.

Boloniyaya üzv olan ölkələrin böyük əksəriyyətində orta təhsil 12 və ya 13 ildirsə, demək biz də gec olmadan doğru qərar verməliyik. Orta təhsil müddətinin 12 il olması heç də o demək deyil ki, 6 yaşında dərslərə başlayıb, 18 yaşında məktəbi bitirməliyik. Onsuz da hazırda məktəbə hazırlıq qruplarına qəbul aparılır və şagird 1-ci sinfə başlayanda artıq rahatlıqla yazıb-oxuya bilir.

 Demək ki, tədris proqramımızı bu proseslərə uyğunlaşdıraraq qısa zamanda 12 illik orta təhsil formatına keçə bilərik. 12 illik orta təhsil özlüyündə ali təhsilin müddətinə də təsirsiz ötüşmür. Ancaq burada əsas məsələ təhsilimizin müasir tələblərə cavab verməsidir.

Dəyişən dünyanın tələblərinə biz də ayaq uydurmağa borcluyuq, əks halda hadisələrə sadəcə seyirci qalacağıq. Müasir tələblərə cavab verəcək bir təhsilə yiyələnmədikdən sonra aldığımız ali təhsil də heç kimə gərəkli olmayacaq. Bu həqiqətən çox düşündürücüdür.

Yeni tədris ilindən strateji müttəfiqimiz olan Gürcüstanın bəzi universitetlərində bakalavr pilləsi 3 illik, magistr pilləsi isə 1 illik ola bilər. Bakalavr pilləsində əsasən biznes idarəçiliyi və İT sahələrinin tədrisi üçün müddətin qısaldılması nəzərdən keçirilir.

Etiraf edim ki, bununla bağlı 2019-cu ilin sonunda Azərbaycanda bir neçə qruma Sahibkarlıq Universiteti layihəsi də təqdim etmişdim. Layihəyə əsasən yeni yaradılacaq universitetdə sırf biznes idarəçiliyi və İT sahələrinin tədrisi nəzərdə tutulurdu. Hansı ki, bura qəbul olan tələbələr birinci ilin hətta ikinci semestrindən etibarən Universitetin nəzdində StartUp layihələrin icrasına başlayaraq, müəllimlərlə birgə həmin layihələrdə səhm paketinə sahib olacaqdılar.

Yaxşı olardı ki, özəl və ya dövlət sektorunda çalışmasından asılı olmayaraq, elm-təhsil adamları heç olmasa rübdə bir dəfə toplaşıb öz ideya və təkliflərini qətiləşdirməli, uyğun bilinən təklifləri Elm və Təhsil Nazirliyinə təqdim etməlidir. Hesab edirəm ki, gələcək inkişafımız naminə özəl sektorla məsul dövlət orqanları bu istiqamətdə birgə çiyin-çiyinə, təmənnasız olaraq çalışmalıdırlar.

Bildiyiniz kimi, 15 ildir təhsil sektorundayam, STİMUL Təhsil Mərkəzi olaraq 8 nazirlik, 10-dan çox Bank, 400-dən çox müxtəlif özəl və dövlət qrumlarının əməkdaşlarına kurslar keçir, təlimlər və ixtisasartırmalar təşkil edirik. Bütün bunları edərkən hər zaman özümə sual edirəm ki, axı niyə biz Universitetdə 1-2 semestr ərzində keçilənləri 1-2 aya praktik əsaslarla tədris edib yüksək nəticə əldə edə bilirik, ancaq ali məktəbləri bitirən tələbələrimizə bu müddətdə ancaq nəzəri biliklər öyrədilir?

 Müasir dövrdə biliyə yanaşmalar dəyişir, 50 il əvvəl, hətta 10 il əvvəl lazım olan bilik növü artıq heç kimə lazım olmaya bilir. Razıyam ki, ömür boyu öyrənməliyik, öyrənmək davamlı bir prosesdir, işləyərkən daim öyrənirsiniz, lakin peşənin əsas bacarıqlarına sahib olacağınız ilk addım 3 il ərzində mənimsənilə bilər.

 Bəli, başa düşürəm ki, bunun üçün təlim proqramları dəyişdirilməlidir, yanaşmalar müasirləşməlidir, bu da özlüyündə vaxt tələb edir. Fikrimcə, Azərbaycanda da bakalavrda tələbələrə 3 illik proqramlar təklif etmək mümkündür. Bir də ən önəmli məqamlardan biri də dual təhsil sisteminə diqqət ayırmaqdır. Bu təhsil sistemi zamanı tələbə nəzəri biliklər öyrənməsi ilə yanaşı, həmin biliyini praktik olaraq təcrübə keçəcəyi iş yerlərində daha da möhkəmləndirmiş olur. Dual təhsil sisteminin yüksək perspektivlər vəd etdiyi əsas sahələrdən birinin Peşə təhsili olduğunu nəzərə alaraq, bu sahədə də müasir trendləri izləmək vacibdir.

Namiq Veysəl

STİMUL Təhsil Mərkəzinin rəhbəri

Www.soydas.az

Paylaş: