Ormeşənin çobanyastığı unutmayıb məni...
Ormeşənin çobanyastığı unutmayıb məni...
Kəndimizdə çobanyastığı çiçək açıb, hər tərəf sanki ağ örpəyə bürünüb. Uşaq vaxtı çobanyastığından çələng hörüb başımıza qoyardıq, ləçəklərini sayardıq, qurudub qışa saxlayardıq.
İndi bunların hamısı xatirəyə çevrilib. Məni kəndimlə, uşaqlığımla, keçmişimlə bağlayan görünməz tellərdir onlar.
Çobanyastığı sadə güldür. Azad çöllərdə bitir, yaşayır, küləklə danışır. Onu qızılgül qədər sevən olmur. Öz halında baharını yaşayır, çiçək açır və sakitcə ömrünü başa vurur. Amma bu sadə gülün görünüşünün altında gözəl keyfiyyətlər gizlənib.
Çobanyastığı müalicəvi xüsusiyyətlərə malikdir, yaralara məlhəm olur, ağrını yüngülləşdirir. İnsanlar arasında da belə olanlar var: göz önündə olmayan, sadə yaşayan, özünü nümayiş etdirməyən, amma ehtiyac anında yaralara məlhəm olan insanlar.
Onların dəyəri də çox vaxt sonradan anlaşılır. Çobanyastığının qızılgül kimi tikanları yoxdur. Onu dərmək asandır, əli incitmir. Amma nədənsə biz əlimizi qanadan qızılgülə daha çox meyl edirik. Bəlkə də insan təbiəti bir az belədir — özünə ağrı verən, onu yoran və incidən şeylərə daha çox bağlanır. Əks halda, dünya bəlkə də bu gün olduğundan fərqli bir yer olardı.
Çobanyastığının bir acı taleyi də var. Biz onu çox vaxt öz adı ilə deyil, «romaşka» adı ilə tanıyır və elə də çağırırıq. Halbuki dilimizdəki adı necə də gözəldir — çobanyastığı. Sanki çöllərdə sürüsünü otaran çobana yastıq olan bir gülün adıdır. Onun yeri də elə çöllərdir: ucsuz-bucaqsız, səmanın bütöv göründüyü, dünyanın işıqlı və geniş olduğu çəmənliklər.
Kəndimizin çobanyastığı dəmyə bitir. Yağış suları ilə böyüyür, çiçək açır, sonra solur, quruyur və torpağa qarışır. Onun həyat hekayəsi belə yazılır. Necə ki insan gedir, yerinə başqası gəlir, çobanyastığı da hər yaz yenidən çiçək açır, sonra solur və növbəti yaz onun yerini yeniləri tutur.
Həyatın özü kimi — sadə, sakit və sonsuz bir dövranın içində. Çobanyastığının bir gözəl xüsusiyyəti də dözümlü olmasıdır. Onun yaşamaq üçün xüsusi qayğıya ehtiyacı yoxdur. Nə istixana istəyir, nə də bağban əli. Yağış yağanda sevinir, quraqlıq düşəndə səbir edir.
Bəlkə də buna görə mənə həmişə həyatın çətinliklərinə baxmayaraq ayaqda qala bilən insanları xatırladır. Onlar da çobanyastığı kimi səssiz yaşayır, amma ən güclü küləklərə tab gətirirlər. Bəlkə də insanın xoşbəxtliyi çobanyastığına bənzəyir. Hamı onu uzaqlarda, əlçatmaz yerlərdə axtarır, halbuki o, çox vaxt ayaqlarımızın altında bitir. Sadə, sakit və gözə görünmədən.
Biz isə onun yanından ötüb keçir, dəyərini yalnız itirəndən sonra anlayırıq. Mən o çölləri unutmamışam. Onları özümdə, daxilimdə gəzdirir, ruhumda yaşadıram. Görəsən, o çəmənlər də məni xatırlayırmı?
Bir zamanlar qayğısızlıqla, saflıqla üzərində gəzdiyim o çöllərin yadındayammı?
Kənd də yerindədir, çəmənlər də, yollar da. Dəyişən yalnız zamandır. Uşaqlığımın insanlarının çoxu artıq həyatda yoxdur. Bir zamanlar üzərində gəzdikləri torpağın qoynunda uyuyurlar. Bəlkə də bu gün açan çobanyastıqlarına həyat verən elə onlardır. Təbiətin sonsuz dövranında ölüm də həyatın bir davamıdır axı.
Mark Avrelinin bir fikri yadıma düşür: “Bir az zaman keçsin, hər şeyi unudarsan. Bir az zaman keçsin, hər şey səni unudar”.
Bəlkə də haqlıdır. Amma hər yaz kəndimizin çöllərində açan çobanyastıqlarına baxanda düşünürəm ki, yaddaş təkcə insanlara məxsus deyil. Bəlkə də o çəmənlər, o yollar, o küləklər məni hələ də tanıyır.
Bəlkə də çobanyastığı unutmayıb məni…
dr.Aida İsmayılova
Www.soydas.az