Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb
Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Soydas.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Evinin direktoru Məhəbbət İmanov Ümummilli Lider Heydər Əliyevin Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlblərində daim yaşayacağını bildirib. O, Ulu Öndərin elmi və siyasi irsinin təbliği istiqamətində Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən mütəmadi olaraq tədbirlər keçirildiyini bildirib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, Dmanisi merinin müavini Arif Süleymanov, “Maarif Okulları”nın Tbilisi üzrə rəhbəri Ali Sedat Aslan, Marneuli Bələdiyyəsinin üzvü Anar Piriyev, Gürcüstan Parlamentinin keçmiş deputatları İsak Novruzov, Azər Süleymanov, Hidayət Hüseynov, professor Mahmud Kamaloğlu, ADA Universitetinin təmsilçisi Mahnur Abbasova və digərləri çıxışlarında Ulu Öndər Heydər Əliyevin ideyalarının sonrakı nəsillərə ötürülməsinin və öyrədilməsinin müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov, Tbilisi, Marneuli, Bolnisi, Qardabani və Dmansidən olan ictimayyət nümayəndələri, ziyalılar və gənclər iştirak edib.
Tədbir çərçivəsində Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş sərginin nümayişi və Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadənin müəllifi olduğu, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə işıq üzü görmüş “Əsrin Yadigarı - Heydər Əliyev” kitabının təqdimatı keçirilib.
Www.soydas.az