İranın xarici siyasətində fundamental dəyişikliklər baş verməyəcək

image

İranın dini-siyasi sisteminin mahiyyətini nəzərə alsaq, geniş mənada burada kimin hansı vəzifəyə təyinat almasından asılı olmayaraq, təməl prinsiplər və Tehran siyasətçilərinin tez-tez təkrarladıqları “qırmızı xətt”lər dəyişmir. Sadəcə, şərti olaraq ikiyə bölünmüş, lakin eyni mərkəzdən idarə olunan vahid sistemin regionda və dünyada baş verən proseslərə uyğun olaraq, istiqamətləri, yolları, üslubları dəyişir, təməl və hədəflər dəyişməz olaraq qalır.

Bu baxımdan, adı Azərbaycan oxucusuna yaxşı tanış olan Seyyid Abbas Araqçının (Əraqçi) İranın xarici işlər naziri postuna təyin olunması istiqamətində həyata keçirilən formal prosesdurlardan sonra, sözügedən şəxsin ölkənin ali diplomatı kimi fəaliyyətə başlaması, sistemin, xarici siyasətdə hansısa dəyişikliklərə gedəcəyi ilə bağlı əsaslı qənaətlərin ortaya çıxmasına zəmin yaratmamalıdır. İranın xarici siyasətində fundamental dəyişikliklər, şübhəsiz ki, baş verməyəcək, sadəcə İranın klassik siyasətinin digər üzünün cizgiləri daha çox qabardılacaq.

Qeyd edim ki, Abbas Əraqçinin bundan öncəki fəaliyyətinin əsas istiqamətlərinə diqqət yetirsək, düşünürəm ki, onun qarşıdakı dövrdə hansı missiyanı həyata keçirəcəyini təxmin edə bilərik.

Seyyid Abbas Əraqçinin Azərbaycan türkü olduğu barədə deyilənlərin həqiqəti nə dərəcədə əks etdirdiyini söyləmək isə çox çətindir. Olsa da, İranın mövcud dini-siyasi-ideoloji sisteminin diqtə etdiyi reallıqlar çərçivəsində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Seyyid Abbas 1972-ci ildə Tehranda doğulub. Soyadının anlamı türkcə olsa da - “Araqçı”, yaxud “araqçı(n) – sözün farsca fərqli anlamları da mövcuddur.

Məsələn, İraq sözü farsca “əraq” kimi tələffüs olunur. Latın (ingilis) əlifbasına keçirildikdə isə “Araq” kimi oxunur. Onu da qeyd edim ki, İranda İraq əsilli çoxsaylı şəxlər var ki, onların soyadları vaxtilə köç etdikləri ərazilərin dil, şivə və ləhcələrinə uyğun olaraq, “Əraqi”, “Əraqçi, “Əraqçu” kimi tələffüz olunur.

Bir də onu da xatırladım ki, Seyyid Abbasın söyadı Azərbaycan türkçəsində “Araqçı” kimi yox, “Əraqçi” kimi tələffüz olunmalıdır. Yəni farscadan ingilis dilinə, ingilis dilindən isə Azərbaycan dilinə transformasiya olunmalı deyil. Farscadan Azərbaycan türkçəsinə birbaşa, olduğu kimi köçürülməlidir.

Mənə görə, insanın milli mənsubiyyətini onun daşıyıcısı olduğu dil, mədəniyyət, eləcə də şəxsin təfəkkürü və davranışları ifadə edir. Yüzillərin dolanbacından keçən genetik kodların “dolanbacında” isə mütləq həqiqəti tapmaq mümkün deyil. Nəzərə alsaq ki, bəzən “genetik kodlar”ın kələfinin ucu elə itir, yaxud naqislik elementləri daha qabarıq şəkildə elə üzə çıxır ki, bu halda zamanın axarını, hətta bir neçə il geriyə çevirib həqiqət axtarışına çıxmaq istəmirsən. Çox uzağa getməyək, elə öz ölkəmizin daxilində, yaxud xaricində dövlətinə, xalqına böhtan atan, yalan körükləyən o qədər nankor var ki, onları qırx il təkrar-təkrar Ergenekondan keçirib işığa doğru aparsan da yenə də içlərindəki qaranlığa əsir düşəcək, qurd izində çaqqal kimi ulayacaqlar.

Kəsəsi, Abbas Əraqçinin siyasi tərcümeyi-halındakı diqqət çəkən ən önəmli məqam, onun şərti “islahatçı” Həsən Ruhaninin hökumətində tutduğu vəzifə və İranın nüvə proqramı ilə bağlı P5+1 qrupu şərçivəsində aparılan danışıqlarda əsas fiqur olmasıdır. Vəssalam. Bu o deməkdir ki, İranın siyasətində ciddi dəyişikliklər baş verməyəcək, sadəcə, təxminən 4-5 il geriyə dönüş ediləcək.

Elçin Mirzəbəyli

Www.soydas.az

Paylaş: