Bakı bizi yorub, yoxsa biz Bakını yormuşuq?..
Bakı bizi yorub, yoxsa biz Bakını yormuşuq?..
Bakının bürkülü yay günləri bəzən adamı çox yorur. Bakının yayı çox rütubətli olur. Xəzər dənizi həm rütubətlə havanı bir xeyli ağırlaşdırır, həm də sərinlik mənbəyidir. Müasir dövrdə sərinlik mənbəyi həm də kondisionerlərdir, çoxuuz onu icad edənə rəhmət oxuyuruq.
Bir anlıq orta əsr Bakısını xatırlayıram. Təbii ki, o zaman Bakı belə deyildi. İndiki kimi göydələnlər, beton piltələr yox idi. Hər yer asfalta bürünməmişdi. İnsanlar İçərişəhər və ətrafında daha sakit, dinç həyatlarını yaşayırdılar.
Görəsən, İçərişəhərin dar küçələrində gəzən XII əsrdə yaşamış Bakı sakini düşünərdimi ki, gün gələcək yaşadığı ev, gəzdiyi küçələr, istifadə etdiyi əşyalar dəyərli maddi mədəniyyət nümunəsi, tarixi abidə kimi qorunacaq?!
Çıraqlarda neft yandırılaraq işıqlandırılan kiçik, daş evlər, su quyuları, qışda şimal küləyi -Xəzrinin, yayda isə Gilavarın əsdiyi, Qız qalasının simvollaşdırdığı, liman şəhəri…
Məlumdur ki, Bakının əsas inkişafı XIX əsrin sonu-XX əsrin əvvəllərində “neft bumu”ndan sonra baş verib. Neft Bakını “zahirən” varlı etsə də, sanki ruhən yoxsullaşdırdı. Zahiri, forması dəyişdikcə məzmununu itirdi.
İçərişəhər indi Bakının mərkəzində kiçik bir ərazidə qalıb, xarici qonaqlar, turistlər üçün bir məkana çevrilib. Necə ki, ən yaxşı qabları qonağa saxlayırıq, İçərişəhəri də özümüzdən uzaqlaşdırıb müəyyən məqsədlə istifadə edirik.
Bakı mənə yaxşı gəlirləri olan amma sadəcə zahirini bəzəyən, başqalarına nəyisə göstərmək üçün yaşayan, özünü, daxili dünyasını unudan insanı xatırladır.
Şəhərlərin də insanlar kimi “ruhu”, “qoxusu” olur.
Bir müddət Bakıdan uzaqda olub yenidən qayıdanda neft qoxusu adama xoş gəlirdi, uşaqlığımın Bakısı neft qoxuyurdu. İndi Bakı yorulub, onu biz yormuşuq, onun ruhunu, sərvətlərini istismar edərək yormuşuq. Bakını həm maddi, həm mənəvi istismar edirik, onun tarixini, keçmişini özünə də unutdumuşuq. Bakını əvvəl özümüzdən qorumalıyıq, sonra başqalarından.
Bakı haqqında çox yazılıb, çox danışılıb, yəqin ki bundan sonra da davam edəcək. Amma həqiqi mənada onun ruhunu hiss edərək öyrənməyiblər, sadəcə yaralayıb, faydalanıb kənara çəkiliblər.
Qədim Romada bütün yollar Romaya apardığı kimi, Azərbaycanda da indi bütün yollar Bakıya gətirir. Bu sözün hər mənasında belədir. Amma gərək yol gedən də yol əhli ola…
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Www.soydas.az